“Nakşı-cihan-Nahçıvan” bədii tərcümə kitabı təqdim edildi

AMEA Naxçıvan Bölməsində AMEA Naxçıvan Bölməsinin elmi işçisi Elxan Yurdoğlu – Məmmədovun “Nakşı-cihan-Nahçıvan” bədii tərcümə kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev Elxan Yurdoğlu – Məmmədovun yaradıcılığını yüksək qiymətləndirərək qeyd edib: “Tədqimatına toplaşdığımız “Nakşi-cihan- Nahçivan” kitabı da həqiqətən də bu sahədə atılan əhəmiyyətli addımlardan sayıla bilər. Qeyd edim ki, kitabda toplanan və Türkiyə türkçəsinə tərcümə edilən şeir nümunələri əsasən Naxçıvanla birbaşa bağlıdır və bu baxımdan çox əhəmiyyətlidir. Bu da Naxçıvanlı şairlərin yaşadıqları məkana bağlılıqlarının və sevgilərinin təzahürü kimi son dərəcə qiymətlidir”.
Tədbirdə AMEA NB İncəsənət, Dil və Ədəbiyyat İnstitunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayev “Nakşı-cihan-Nahçıvan” kitabında Naxçıvan tarixinin, mədəniyyətinin türk dünyasına inteqrasiyası” mövzusunda məruzə edib.
Təqdimat mərasimində Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya üzrə elmlər doktoru Hüseyn Həşimli və AMEA NB İncəsənət, Dil və Ədəbiyyat İnstitunun elmi işçisi Nərgiz İsmayılova çıxış ediblər.
Bildirilmişdir ki, “Nakşı-cihan-Nahçıvan” kitabı Elxan Yurdoğlunun tərcümə sahəsindəki ilk işi deyil. Belə ki, bundan əvvəl hələ 2010-cu ildə o Hayrettin İvginin “Melankolik şiirler” kitabını “Hüzünlü şeirlər” adı ilə dilimizə çevirmiş və həmin kitab Ankarada nəşr olunmuşdu. Bundan əlavə 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən nəşr edilən Naxçıvan Yazıçılar Birliyinin hazırladığı üç cildlik dünya ədəbiyyatından tərcümələr kitabında onun Türkiyənin məşhur imzalarından etdiyi tərcümələr yer almışdı. Həmin müəlliflərin sırasında Yahya Kemal Beyatlı, Attila İlhan, Cahit Sıtkı Tarancı, Necip Fazıl Kısakürek, Orhan Veli Kanık, Nurullah Genc, Ataol Behramoğlu, Ali Akbaş, Yavuz Bülent Bakiler, Cemal Safi kimi şairlər yer alıb. Həmçinin Elxan Yurdoğlu hələ 2010-cu ildə Türkiyənin Isparta şəhərində Süleyman Dəmirəl Universitetində Türk dili və Ədəbiyyatı Beynəlxalq Simpoziumunda “Türkiye Türkçesinin Azərbaycan Türkçesine şiir çevirilerinde dil ve uslub” mövzusunda məruzəsində də bu iki dilin qarşılıqlı çevirmələrindəki problemlərdən, çətinliklərdən və yerinə yetirilməli bir çox keyfiyyətlərdən bəhs etmişdir. Elxan Yurdoğlunun həmçinin Qaqauz şairi Lyubov Çimpoeşdən, Kazan Tatarlarından Aydar Camal, Leniza Vəliyeva kimi gənc şairlərin şeirlərini də Azərbaycan türkçəsinə tərcümə etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun da dediyi kimi “Müstəqillik dövrünün öz ədəbiyyatı olmalıdır”. Biz yaradıcı adamlar da bu fikrə dəstək məqsədi ilə Naxçıvanda gedən quruculuğu və təkamülü qələmin gücü ilə qoruyub gələcək nəsillərə ərməğan etməliyik. Bu baxımdan da kitabda yer alan əsərlərin Türkiyə türkçəsinə tərcüməsi əhəmiyyətlidir.

Nərgiz İSMAYILOVA